Moskva və Kiyev arasında sülhə kim nail ola bilər? – SƏRT PROQNOZbackend

Moskva və Kiyev arasında sülhə kim nail ola bilər? – SƏRT PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin davam etməsi beynəlxalq təhlükəsizlik sisteminə təsirləri ilə yanaşı, regional və qlobal güc balansı baxımından da ciddi çağırışlar yaradır. Münaqişənin diplomatik yollarla həlli istiqamətində müxtəlif təşəbbüslər irəli sürülsə də, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqlarının qalması sülh perspektivlərini mürəkkəbləşdirir. Bu prosesdə həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini qoruyub saxlayan Türkiyənin mümkün vasitəçilik missiyası xüsusi diqqət çəkir. Bununla belə, real nəticənin əldə olunması yalnız diplomatik təmaslardan deyil, tərəflərin beynəlxalq hüququn prinsiplərinə əsaslanan ədalətli və dayanıqlı sülhə nə dərəcədə hazır olmasından asılıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçilik imkanları, bu təşəbbüsün perspektivləri və müharibənin dayandırılmasında beynəlxalq hüququn rolu ilə bağlı politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlama verib.

Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilik etməsi böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu vasitəçilik iki dövlət arasındakı müharibə fonunda müəyyən məsələlərin həllinə töhfə verə bilər.

“Ancaq ümumi götürdükdə, Türkiyənin və ya hər hansı digər dövlətin, o cümlədən Amerika Birləşmiş Ştatlarının vasitəçilik cəhdləri Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün yetərli deyil. Çünki hazırda məsələ tamamilə dalana dirənmiş kimi görünür.

Ukrayna israrla Rusiyanın işğal etdiyi ərazilərdən çıxmasını tələb edir. Rusiya isə bunun əksinə olaraq, işğal etdiyi əraziləri öz sərhədləri daxilinə qatmağa çalışır və beynəlxalq müstəvidə bu addımın legitimləşdirilməsini istəyir.

Yəni, hər hansı dövlət, o cümlədən Türkiyə, Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılmasına nail olmaq istəyirsə, tərəflərdən birinin şərtlərinin digər tərəf tərəfindən qəbul edilməsinə nail olmalıdır. Ancaq bu, hazırkı şəraitdə mümkün görünmür. Nə Türkiyə, nə Amerika Birləşmiş Ştatları, nə də Avropa dövlətləri bunu təmin edə bilərlər. Çünki Rusiya Ukrayna ərazilərini işğal edib və həmin ərazilərdən heç bir halda çıxmaq istəmədiyini nümayiş etdirir.

Bu baxımdan, Türkiyənin vasitəçiliyi nəticəsində Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini tərk edəcəyinə inanmaq o qədər də real görünmür. Digər tərəfdən, Ukrayna da Rusiyanın işğal etdiyi ərazilərdən imtina etmək niyyətində deyil və həmin torpaqların geri qaytarılmasını tələb edir. Beynəlxalq hüquq normaları da Ukraynanın mövqeyini dəstəkləyir.

Bu səbəbdən Türkiyə və ya digər dövlətlər, o cümlədən əsas vasitəçilərdən sayılan Amerika Birləşmiş Ştatları, Ukraynanı öz ərazilərini Rusiyaya güzəştə getməyə razı sala bilməzlər. Bu, real görünmür.

Beləliklə, ümumiləşdirə bilərik ki, hazırkı şəraitdə vasitəçilik modeli Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün effektiv həll variantı deyil. Burada mümkün çıxış yolu bütün dövlətlərin bir araya gələrək beynəlxalq hüquq normalarının qorunmasını tələb etməsi və ədalətli sülhün məhz həmin prinsiplər əsasında təmin edilməsinə çağırış etməsidir.

Bu halda Rusiyaya beynəlxalq hüquq normalarına uyğun davranması, Ukraynanın ərazisi hesab olunan işğal altındakı bölgələri geri qaytarması və məhz beynəlxalq hüquq çərçivəsində sülh sazişinin əldə olunması istiqamətində təzyiq göstərilə bilər.

Əks halda, vasitəçinin hansı dövlət olmasının ciddi fərqi yoxdur. Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və ya Çin — bu dövlətlərin heç biri təkbaşına vasitəçilik yolu ilə Ukrayna-Rusiya müharibəsini dayandırmaq imkanına malik deyil. Hətta onların həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlərinin olması belə, hazırkı vəziyyətdə bu məsələnin həllində həlledici üstünlük qazandırmır”.

//Gülnarə Abasova, Editor.az