Ukrayna Silahlı Qüvvələrinin 7-ci Hücum-Desant Korpusu Starlink peyk rabitəsi sistemində tətbiq edilən yeni sürət məhdudiyyətlərinin cəbhədə müəyyən çətinliklər yaratdığını bildirib. Hərbçilərin iddiasına görə, dəyişikliklər pilotsuz uçuş aparatlarının idarə edilməsinə mənfi təsir göstərir.
Editor.az Musavat.com-a istinadən xəbər verir ki, ABŞ tərəfindən tətbiq olunduğu bildirilən texniki məhdudiyyətlərin Starlink sisteminin hərbi istifadə üçün nəzərdə tutulan Starshield versiyasına da təsir etdiyi qeyd olunur.
Dronlarla rabitədə kəsintilər olduğu bildirilir
Ukrayna hərbçilərinin açıqlamasına əsasən, pilotsuz uçuş aparatlarının və ya onları daşıyan vasitələrin sürəti saatda 110–120 kilometrə çatdıqda rabitə bağlantısında 10–20 saniyəlik fasilələr yaranır. Məlumatda sistem üzrə maksimal sürət həddinin saatda 160 kilometr müəyyən edildiyi iddia olunur.
Hərbçilər bildirirlər ki, rabitənin qısa müddətə kəsilməsi dron operatorlarının aparatlara nəzarətini çətinləşdirir və onların idarəolunmaz vəziyyətə düşməsi riskini artırır.
Döyüş tapşırıqlarına təsir etdiyi iddia olunur
Məlumata görə, problem xüsusilə yüksək sürətlə hərəkət edən “Middle Strike” tipli zərbə dronlarının istifadəsi zamanı özünü göstərib. İddia olunur ki, sürətin məhdudlaşdırılması bu aparatların uçuş imkanlarını azaldır və onları hava hücumundan müdafiə sistemləri qarşısında daha həssas vəziyyətə gətirir.
Yaranmış çətinliklər səbəbindən Ukrayna ordusunun Qulyaipole istiqamətində fəaliyyət göstərən bölmələrindən birinin bəzi planlaşdırılmış döyüş tapşırıqlarını ləğv etdiyi bildirilir.
Qeyd edək ki, rabitə sistemindəki məhdudiyyətlərin miqyası və onların hərbi əməliyyatlara real təsiri barədə məlumatların müstəqil təsdiqi təqdim olunan açıqlamada yer almır.

