2026-cı ilin ilk səkkiz ayında Azərbaycanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə minlərlə layihəyə güzəştli kredit verilib. Ayrılan maliyyə vəsaitinin ümumi həcmi 223 milyon manata yaxın olub.
Editor.az-ın Report-a istinadən verdiyi məlumata görə, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda təşkil olunan III Milli Rəqabət Forumunda çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu ASC tərəfindən təxminən 4 300 layihənin maliyyələşdirilməsi üçün güzəştli kreditlər ayrılıb.
Bundan başqa, o xatırladıb ki, sentyabrın 1-nə qədər Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviq sənədi verilib: “Həmin layihələr üzrə 9.3 milyard manat investisiya və təxminən 47 min iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 17 strateji istiqaməti əhatə edən bu mexanizmin müddəti 2029-cu ilə qədər uzadılıb”.
Nazir müavini əlavə edib ki, bu istiqamətdə nəticələrin düzgün qiymətləndirilməsi vacibdir: “Təşviq sənədinin verilməsi layihənin həyata keçirilməsinə imkan yaradır. Sonrakı mərhələdə həmin investisiyaların reallaşması, müəssisənin fəaliyyətə başlaması və nəzərdə tutulan iş yerlərinin açılması bu mənada diqqətdə saxlanılmalıdır. Eyni yanaşma iri investisiya razılaşmalarına da aiddir”.
Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda infrastrukturun yenilənməsi, investisiyanın geri qayıtması və istifadəçilərin maraqları kompleks şəkildə nəzərə alınmalıdır: “İnfrastruktur xidmətlərinin qiyməti, keyfiyyəti, etibarlılığı istehsal müəssisələrinin gündəlik fəaliyyətinə təsir edir: “Sahibkar öz müəssisəsində müasir avadanlıq qura, idarəetməni yaxşılaşdıra bilər, lakin istifadə etdiyi enerji, su, nəqliyyat, rabitə xidmətlərinin keyfiyyəti onun rəqabət qabiliyyətini müəyyən edir. Bu mənada bu sahələrdə infrastrukturun yenilənməsi, investisiyanın geri qayıtması və istifadəçilərin maraqları kompleks şəkildə nəzərə alınmalıdır. Qoşulma şərtlərinin, xidmət standartlarının və müraciətlərə baxılma müddətlərinin aydın olması bu mənada biznes üçün xüsusi əhəmiyyət daşıyır”.
Nazir müavini qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı infrastrukturun inkişafına əlavə imkanlar yaradır: “Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzrə müqavilənin imzalanması bu istiqamətdə mühüm addımdır. Nazirlər Kabineti 2026-2027-ci illər üzrə ümumilikdə 9 layihə təsdiqləyib. Belə layihələrdə rəqabətli seçim, risklərin düzgün bölüşdürülməsi, müqavilə öhdəliklərinin dəqiq müəyyənləşdirilməsi uzunmüddətli nəticəyə təsir edir. Seçim zamanı əldə edilən üstünlük sonradan keyfiyyətli xidmətə və dövlət vəsaitindən səmərəli istifadəyə çevrilməlidir”.

