Əllərdə titrəmə hansı xəstəliklərin əlaməti ola bilər? -Nevroloqdan tövsiyəbackend

Əllərdə titrəmə hansı xəstəliklərin əlaməti ola bilər? -Nevroloqdan tövsiyə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əllərdə titrəmə sinir sistemi pozuntularının əlaməti ola bilər. Mütəxəssislər belə hallarda səbəbi müəyyənləşdirmək üçün həkimə müraciət etməyi və müayinədən keçməyi tövsiyə edirlər.

Editor.az xəbər verir ki, nevroloq Regina Qolovaçovanın sözlərinə görə, əllərdə titrəmə müşahidə edildikdə ilk növbədə mütəxəssisə müraciət edilməli və problemin yaranma səbəbi araşdırılmalıdır.

Həkim qəbul zamanı titrəmənin hansı şəraitdə başladığını dəqiqləşdirir, pasiyentin xəstəlik tarixçəsini və yaşını nəzərə alır, həmçinin nevroloji müayinə aparır. Zərurət yarandıqda əlavə testlər və müayinələr təyin olunur. Müalicə isə əldə edilən nəticələr əsasında müəyyənləşdirilir.

Mütəxəssis qeyd edib ki, əllərdə titrəmə hər zaman xəstəlik əlaməti olmur. Bu hal stress, qorxu, həddindən artıq yorğunluq və soyuğa məruz qalma nəticəsində də yarana bilər.

Bununla yanaşı, tremor bəzi hallarda ciddi sağlamlıq problemləri ilə əlaqəli ola bilər. Mümkün səbəblər arasında Parkinson xəstəliyi, dağınıq skleroz, insultun və ya kəllə-beyin travmasının nəticələri, eləcə də şəkərli diabet göstərilir.

Həkimlər vurğulayırlar ki, əllərdə titrəmənin səbəbini yalnız əlamətlərə əsasən müəyyənləşdirmək mümkün deyil. Buna görə də titrəmə davamlı xarakter aldıqda, tez-tez təkrarlandıqda və ya digər simptomlarla müşayiət olunduqda tibbi müayinədən keçmək vacibdir.

//Gülnarə Abasova, Editor.az