Azərbaycanda bir sıra metal tullantılarının xaricə satışına tətbiq edilən gömrük rüsumları kəskin artırılır. Yeni tariflər sabahdan qüvvəyə minəcək.
Editor.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında, eləcə də idxal və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər ediləcək. Yeniliklər çərçivəsində bəzi məhsullar üzrə ixrac rüsumları 100 dəfəyədək yüksəldiləcək.
Dəyişikliklər tökmə çuqunun tullantı və qırıntılarına, həmçinin qalay təbəqəsi ilə örtülmüş qara metalların tullantı və qırıntılarına şamil olunur. Bu məhsulların hər 1 000 kiloqramı üçün gömrük rüsumu əvvəlki 7 ABŞ dollarından 500 dollara çatdırılıb.
Torna yonqarları, kəsiklər, qırıntılar, frezer və mişar istehsalı zamanı yaranan tullantılar, eləcə də təkrar əridilmə üçün nəzərdə tutulan şixta külçələri üzrə də tarif artırılıb. Həmin məhsulların hər 1 000 kiloqramı üçün rüsum 5 ABŞ dollarından 500 ABŞ dollarına yüksəldilib.
Beləliklə, qeyd olunan məhsullar üzrə ixrac rüsumları əvvəlki tariflərlə müqayisədə ciddi şəkildə artırılır. Bu dəyişikliklər həmin metal tullantılarının ixracı ilə məşğul olan sahibkarların gömrük xərclərinə təsir göstərə bilər.
Qərar sentyabrın 22-də imzalanıb. Yeni tariflər sabahdan tətbiq ediləcək.

