Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedirbackend

Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 3-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Avropa İttifaqının genişlənməsinə həsr olunmuş sammitdə iştirak edəcək.

Editor.az-ın Trend-ə istinadən məlumatına görə, Gürcüstan hökumətinin başçısı tədbirdə çıxış edəcək şəxslərin siyahısına daxil edilib. Sammit Brüsseldə yerləşən “Autoworld” sərgi kompleksində təşkil olunacaq. Görüş zamanı aparılacaq müzakirələr Euronews auditoriyası üçün canlı yayımlanacaq.

Tədbirin gündəliyində Avropa İttifaqının genişlənməsi, üzvlüyə namizəd dövlətlərdə islahatların həyata keçirilməsi, Avropanın təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq və investisiya imkanları kimi mühüm məsələlər yer alır.

Sammitdə bir sıra tanınmış siyasi liderlərin də iştirakı gözlənilir. Onların arasında Avropa Şurasının Prezidenti Antonio Koşta, Ermənistanın Baş naziri Nikol Paşinyan, Albaniyanın Baş naziri Edi Rama, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç və Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova var.

Kobaxidzenin sammitdə iştirakı Gürcüstanın Avropa ilə münasibətlərinin müzakirə olunduğu bir dövrə təsadüf edir. Son illərdə Tbilisi ilə Brüssel arasında fikir ayrılıqları artıb. Mübahisələrin əsas səbəbləri sırasında Gürcüstanın Avropaya inteqrasiya prosesi və ölkədə qəbul edilən siyasi qərarlar dayanır.

Bu baxımdan, Brüsseldə keçiriləcək görüş Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinin gələcək istiqaməti ətrafında müzakirələr üçün əhəmiyyətli platforma olacaq. Bununla yanaşı, sammitin Gürcüstanla bağlı konkret hansı nəticələrə gətirib çıxaracağı barədə hələlik rəsmi məlumat yoxdur.