İsrailə məxsus onlarla döyüş qırıcısı və yanacaqdoldurma təyyarəsi oktyabrın 19-da İran sərhədinə qədər irəliləyərək qəfil manevrlə geri dönüb.
Musavat.com xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, İsrail hərbi təyyarələri ehtimal edilən hücum ssenarisinə uyğun olaraq Suriya və İraq hava məkanını aşaraq 1300 kilometrdən artıq məsafə qət ediblər.
Onlar İran sərhədinə çatdıqdan sonra marşrutu dəyişərək bazalarına qayıdıblar.
ABŞ mənbələri bu addımın ciddi təhrik xarakteri daşıya biləcəyini vurğulayıblar.
İddiaya görə, əsas məqsəd İranın hava hücumundan müdafiə (HHM) qüvvələrini cavab atəşi açmağa təhrik etmək və bununla da İrana qarşı daha böyükhəcmli hərbi əməliyyatlara rəsmi bəhanə qazanmaq olub.
İsrail rəsmilərinin uçuşdan əvvəl Vaşinqtonu bilgiləndirdiyi və bu gedişatı güc nümayişi ilə çəkindirmə məqsədli növbəti təlim kimi qələmə verdiyi bildirilir.

