Ermənistan hökumətinin bir sıra yüksək vəzifəli şəxsləri TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı hazırlıq məsələlərini müzakirə etmək üçün Sünik vilayətinə səfər ediblər.
Editor.az-ın məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, oktyabrın 21-də baş nazirin müavini Mher Qriqoryan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, Şəhərsalma Komitəsinin rəhbəri Eqiazar Vardanyan və digər rəsmi şəxslər bölgədə olublar.
Səfər zamanı TRIPP layihəsi çərçivəsində infrastrukturun layihələndirilməsi işlərinə başlanması üçün zəruri təşkilati məsələlər nəzərdən keçirilib. Görüşlərdə layihənin qarşıdakı mərhələləri və görüləcək işlərin təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan daha əvvəl layihə çərçivəsində tikinti işlərinə 2026-cı ilin sonlarında və ya 2027-ci ilin əvvəlində başlanmasının mümkün olduğunu bildirmişdi. Nazir ikinci variantın daha real olduğunu qeyd edib.
Beləliklə, Ermənistan tərəfi TRIPP layihəsi üzrə hazırlıq prosesini davam etdirir. Tikintinin faktiki başlanma tarixi isə əvvəlki açıqlamaya əsasən, 2027-ci ilin əvvəlinə təsadüf edə bilər.

