Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşının ölkə ərazisində aşkarlanması ilə bağlı məlumat yayıb. Qurum onun Ermənistan ərazisinə düşməsi ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.
Editor.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 19-da Tavuş vilayətində qeydə alınıb.
Ermənistan MTX-nin açıqlamasında bildirilir ki, həmin gün saat 17:50-də Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov Ermənistan ərazisində aşkarlanıb.
Qurumun apardığı araşdırma nəticəsində Azərbaycan vətəndaşının yolu azdığı müəyyən edilib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətindən verilən məlumata əsasən, hazırda onun Azərbaycandakı evinə qaytarılması üçün müvafiq tədbirlər görülür.
Hadisə ilə bağlı açıqlamada Azərbaycan vətəndaşının geri qaytarılmasının nə vaxt baş tutacağı barədə konkret tarix göstərilməyib.

