Gəncədə 25 yaşlı Röyal Məmmədovun qətli ilə bağlı cinayət işinin yeni detalları məlum olub. Vətən müharibəsinin iştirakçısı olan gəncin öldürülməsində təqsirləndirilən Murad Hacıyevə qarşı qəsdən adam öldürmə ittihamı irəli sürülüb.
Editor.az-ın “Unikal”a istinadən verdiyi məlumata görə, istintaq materiallarında hadisənin 2026-cı il fevralın 2-də baş verdiyi qeyd olunur.
İttihama əsasən, Murad Hacıyev həmin gün idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Gəncənin Şahsevənlər küçəsində hərəkətdə olan Röyal Məmmədovun VAZ-2107 markalı avtomobilini saxlamağı tələb edib. Axşam saat 23 radələrində isə M.Müşfiq küçəsində tərəflər arasında qarşıdurma yaranıb.
İstintaqın versiyasına görə, Murad Hacıyev Röyal Məmmədovun avtomobilinin qarşısını kəsərək onunla mübahisə edib. Daha sonra Röyalı yerə yıxaraq əl və ayaqları ilə zərbələr endirib.
Bundan sonra üzərindəki turist bıçağı ilə Röyal Məmmədovun bədəninin müxtəlif nahiyələrinə, o cümlədən alın və döş qəfəsi nahiyələrinə ümumilikdə yeddi zərbə vurduğu bildirilir. Röyal Məmmədov aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Hadisə ilə əlaqədar Murad Hacıyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə, yəni qəsdən adam öldürmə ittihamı irəli sürülüb.
Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə araşdırılır.
Qeyd edək ki, həyatını itirən Röyal Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, döyüşlərdə göstərdiyi xidmətlərə görə medallarla təltif edilib.


