Özünü şirkət rəhbəri kimi təqdim edib insanları aldatdı: İnterpolun axtardığı azərbaycanlı Almaniyada saxlanıldıbackend

Özünü şirkət rəhbəri kimi təqdim edib insanları aldatdı: İnterpolun axtardığı azərbaycanlı Almaniyada saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda dələduzluq cinayəti törətməkdə şübhəli bilinərək beynəlxalq axtarışa verilən Elmir Nuriyevin Almaniyadan ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.

Editor.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, Baş Prokurorluğun Almaniyanın Federal Ədliyyə İdarəsinə müraciəti və tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılan danışıqlar müsbət nəticələnib.

İstintaq materiallarına əsasən, Sumqayıt Şəhər Polis İdarəsində araşdırılan cinayət işi üzrə Elmir Nuriyevin özünü şirkət rəhbəri kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə etdiyi ehtimal olunur. Onun mənzillərin təmirini həyata keçirəcəyinə dair vədlər verməklə insanları aldatdığı və onlara xeyli miqdarda ziyan vurduğu bildirilir.

Həmin şəxs barəsində cinayət təqibi ilə bağlı müvafiq qərar qəbul edilib. İstintaqdan yayındığı üçün İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

Keçirilən tədbirlər nəticəsində onun Almaniyada olduğu müəyyənləşdirilib və saxlanılması təmin olunub.

Baş Prokurorluqdan qeyd edilib ki, Elmir Nuriyevin Azərbaycana gətirilməsi istiqamətində işlər davam etdirilir.

Qurum, həmçinin axtarışda olan şəxslərin tapılaraq ölkəyə qaytarılması üçün xarici dövlətlərin müvafiq qurumları və İnterpol ilə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.