Naxçıvanın Sədərək rayonunda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Zakir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə onun hadisə zamanı anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlib.
Editor.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Qərara əsasən, Zakir Abbasov cinayət məsuliyyətindən azad edilib. Onun ümumi tipli psixiatriya stasionarında məcburi müalicə alması müəyyənləşdirilib.
İş materiallarına görə, hadisə ötən ilin dekabrında Sədərək rayonunda baş verib. Zakir Abbasov həyat yoldaşı Aləmzər Abbasovaya bıçaqla xəsarət yetirib, daha sonra isə özü də xəsarət alıb.
Hadisə ilə əlaqədar Zakir Abbasova Cinayət Məcəlləsinin 29 və 120.1-ci maddələri, yəni qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb.
Məhkəmə araşdırmasının nəticəsində onun əməli anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlinib və məcburi müalicə barədə qərar qəbul edilib.

