Bakının Ramana qəsəbəsində baş verən və ailə faciəsi ilə nəticələnən cinayət işi üzrə məhkəmənin qərarı açıqlanıb. Atasının ölümünə səbəb olmaqda təqsirləndirilən Azərbaycan İdman Akademiyasının tələbəsi Ayxan Vəlizadə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Editor.az-ın Oxu.Az-a istinadən yaydığı məlumata görə, hadisə İftixar Vəlizadənin ailə üzvləri ilə yaşadığı münaqişə zamanı baş verib.
Məlumata əsasən, İftixar Vəlizadə 2005-ci ildə ailə qurduqdan sonra bir müddət Tacikistanda yaşayıb. Orada əvvəlcə kiçik ticarətlə məşğul olub, daha sonra vafli istehsalı sexi açaraq biznesini genişləndirib. Lakin COVID-19 pandemiyası dövründə sahibkarlıq fəaliyyəti çətinliyə düşüb və o, 2020-ci ildə həyat yoldaşı və beş övladı ilə Azərbaycana qayıdıb.
Ailə Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində, İftixar Vəlizadənin valideynləri ilə birlikdə yaşamağa başlayıb. İş materiallarında onun sonrakı dövrdə psixoloji gərginlik keçirdiyi və spirtli içki qəbul etməyə başladığı qeyd olunur.
Hadisə günü evdə ailə münaqişəsi yaranıb. İftixar Vəlizadənin böyük qızına qarşı aqressiv davrandığı, ona xəsarət yetirməyə çalışdığı bildirilir. Birinci kurs tələbəsi olan Ayxan Vəlizadə bacısını müdafiə etmək üçün müdaxilə edib.
Məlumata görə, mübahisə zamanı İftixar Vəlizadə mətbəxdən bıçaq götürərək ailə üzvlərinə hücum edib. Gərginlik daha da artdıqdan sonra Ayxan bıçağı atasından alaraq ona dörd zərbə endirib. İftixar Vəlizadə aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Hadisədən sonra polis əməkdaşları Ayxan Vəlizadəni saxlayıblar. İlkin olaraq ona Cinayət Məcəlləsinin qəsdən adam öldürmə ilə bağlı 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Lakin məhkəmə araşdırması zamanı hadisənin zəruri müdafiə ilə bağlı halları qiymətləndirilib. Məhkəmə Ayxanın özünü və ailə üzvlərini müdafiə edərkən zəruri müdafiə həddini aşdığı qənaətinə gəlib. Bu səbəbdən ittiham Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci maddəsinə — zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürməyə tövsif edilib.
Məhkəmənin hökmü ilə Ayxan Vəlizadəyə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

