Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tehrana səfəri zamanı İranın zənginləşdirilmiş uran ehtiyatlarının Rusiyaya daşınması məsələsi müzakirə mövzusu olmayıb.
Editor.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi brifinqdə danışıb.
Bəqayi bildirib ki, Lavrovun İrana səfəri əvvəlcədən planlaşdırılıb və uzun müddətdir diplomatik gündəmdə olub. Onun sözlərinə görə, səfər çərçivəsində keçirilən görüşlərdə nüvə məsələsi də müzakirə edilib.
Bununla belə, İran XİN-in nümayəndəsi zənginləşdirilmiş uranın Rusiyaya köçürülməsi ilə bağlı məsələnin müzakirə olunmadığını vurğulayıb.
Bəqayi qeyd edib ki, Tehran ABŞ ilə nüvə danışıqlarına başlamadığı üçün bu müzakirələrin təfərrüatları barədə fikir mübadiləsi aparılması da gündəmdə olmayıb.
İran rəsmisinin açıqlaması Moskva ilə Tehran arasında nüvə məsələsinə dair təmasların məzmunu ilə bağlı yaranan suallara aydınlıq gətirib.

