Bakının yaşayış xəritəsində yeni dəyişiklik gözlənilir. Paytaxtda yeni mikrorayonun yaradılması gündəmdədir. İlkin məlumata görə, yeni yaşayış massivinin Cəfər Xəndan küçəsi ərazisində salınması nəzərdə tutulur.
Editor.az-ın Bakıvaxtı.az-a istinadən yaydığı məlumata görə, yeni mikrorayonun paytaxtın 7-ci və 8-ci mikrorayonlarının yerləşdiyi əraziyə yaxın hissədə yaradılması ehtimal olunur.
Cəfər Xəndan küçəsi ətrafında hazırda yaşayış kompleksləri və çoxmənzilli binalar mövcuddur. Ərazinin yaxınlığında “Dərnəgül” metro stansiyası, eləcə də müxtəlif sosial və xidmət obyektləri yerləşir.
Yeni yaşayış massivinin salınması paytaxtın bu hissəsində şəhərsalma və infrastruktur məsələlərini yenidən gündəmə gətirir. Belə bir layihənin həyata keçirilməsi ərazidə nəqliyyatın təşkili, yol şəbəkəsinin genişləndirilməsi və sosial xidmətlərin təmin olunması baxımından əhəmiyyətli ola bilər.
Məlumata əsasən, yeni yaşayış massivinin 10-cu mikrorayon adlandırılması gözlənilir.
Bununla belə, layihə ilə bağlı hələlik bir sıra mühüm detallar açıqlanmayıb. Yeni mikrorayonun dəqiq sərhədləri, əhatə edəcəyi küçələr, tikiləcək binaların sayı və tikinti işlərinin hansı müddətdə həyata keçiriləcəyi barədə rəsmi məlumat yoxdur.

