Azərbaycanda zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların xidmət yerini özbaşına tərk etməsinə görə məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Yeni dəyişikliklər cərimə və inzibati həbs kimi alternativ cəzaları nəzərdə tutur.
Editor.az-ın APA-ya istinadən məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, hərbi qulluqçunun üzrlü səbəb olmadan hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, yaxud xidmətə vaxtında gəlməməsi bir gündən artıq, lakin 10 gündən çox olmayan müddətdə davam edərsə, onun inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.
Belə hallarda pozuntu törədən şəxs 200 manatdan 300 manatadək cərimələnə və ya işin hallarından, eləcə də şəxsin xüsusiyyətlərindən asılı olaraq 15 günədək inzibati həbs edilə bilər.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, bu əmələ görə 20 günədək inzibati həbs tətbiq olunur.
Dəyişiklik layihəsində eyni pozuntunun inzibati tənbeh haqqında qərar qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədilməsinə görə də cəza nəzərdə tutulur. Bu halda 300 manatdan 500 manatadək cərimə və ya 10 gündən bir ayadək inzibati həbs tətbiq edilə bilər.
Qüvvədə olan Məcəlləyə əsasən, təkrar pozuntuya görə 15 gündən bir ayadək inzibati həbs cəzası nəzərdə tutulur.
Layihədə qeyd olunur ki, məsuliyyət tədbirlərinin yenilənməsi ilə yanaşı, cərimənin alternativ cəza kimi müəyyənləşdirilməsi də nəzərdə tutulur. Təklifin məqsədi cəza mexanizminin daha çevik tətbiqinə imkan yaratmaqdır.
Dəyişiklik layihəsi komitədə müzakirəyə çıxarılıb. Təklif olunan normaların qüvvəyə minməsi üçün qanunvericiliklə nəzərdə tutulan prosedurlar tamamlanmalıdır.

