Qara dəliklər yaşayış üçün əlverişli planetləri məhv edə bilərbackend

Qara dəliklər yaşayış üçün əlverişli planetləri məhv edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktiv superkütləli qara dəliklər minlərlə işıq ili uzaqlıqda yerləşən planetlərdə həyat üçün zəruri şəraiti poza bilər. Alimlərin fikrincə, bu cisimlərdən yayılan yüksək enerjili hissəcik axınları planetlərin atmosferini qızdıra və ozon təbəqəsini dağıda bilər.

Editor.az xəbər verir ki, bu nəticəyə İtaliyanın Roma Tor Verqata Universitetinin astronomları gəliblər. Tədqiqatın nəticələri Monthly Notices of the Royal Astronomical Society (MNRAS) jurnalında dərc olunub.

Planetin həyat üçün yararlılığı adətən onun öz ulduzuna olan məsafəsi ilə müəyyənləşdirilir. Ulduzun ətrafındakı yaşayış zonasında yerləşən planetin səthində maye su mövcud ola bilər. Lakin alimlər bildirirlər ki, bu amil təkbaşına həyatın yaranması və mövcudluğu üçün kifayət deyil. Planetin yerləşdiyi qalaktik mühit, o cümlədən qalaktikanın mərkəzindəki qara dəliyin fəaliyyəti də mühüm rol oynayır.

Tədqiqatçılar hesablamalarında Süd Yolunun mərkəzində yerləşən Oxatan A* qara dəliyini əsas götürüblər. Hazırda nisbətən sakit olan bu obyektin keçmişdə daha aktiv olduğu bildirilir. Qara dəlik ətrafındakı maddəni udarkən yüksək enerjili şüalanma yaya və güclü hissəcik axınları yarada bilər.

Alimlər həmin axınların qalaktikanın mərkəzindən müxtəlif məsafələrdə yerləşən planetlərə təsirini modelləşdiriblər. Onlar enerjinin ətrafdakı qaz mühitinə ötürülməsinin iki fərqli ssenarisini nəzərdən keçirərək planet atmosferlərinin nə dərəcədə qıza biləcəyini və təsir nəticəsində nə qədər qaz itirə biləcəyini hesablayıblar.

Tədqiqat çərçivəsində ozon təbəqəsinin mümkün zədələnməsi də araşdırılıb. Hissəcik axınlarının atmosferlə qarşılıqlı təsiri zamanı azot oksidləri yarana bilər. Bu birləşmələr ozonun parçalanmasını sürətləndirir. Ozon təbəqəsinin zəifləməsi isə planetin səthini təhlükəli ultrabənövşəyi şüalanma qarşısında daha müdafiəsiz qoyur.

Hesablamalar göstərir ki, qara dəliyin aktivliyi onun gücündən və təsir ssenarisindən asılı olaraq təxminən min işıq ili və daha böyük məsafələrdə belə əhəmiyyətli nəticələrə səbəb ola bilər.

Bununla belə, tədqiqatın müəllifləri vurğulayırlar ki, model həmin ərazidə yerləşən bütün planetlərin mütləq atmosferini itirəcəyi və ya yaşayış üçün yararsız hala düşəcəyi anlamına gəlmir.

Araşdırma qalaktikadakı həyat imkanlarının yalnız planetin öz ulduzuna münasibətdə mövqeyindən deyil, həm də onu əhatə edən kosmik mühitdən asılı olduğunu göstərir.

//Gülnarə Abasova, Editor.az