“44” filminə baxanlara xəbərdarlıq: Görüntüləri paylaşan şəxslər cəzalandırılacaqlarbackend

“44” filminə baxanlara xəbərdarlıq: Görüntüləri paylaşan şəxslər cəzalandırılacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi “44” bədii filminin nümayişi zamanı çəkiliş aparılması və filmə aid görüntülərin icazəsiz yayılması ilə bağlı tamaşaçılara xəbərdarlıq edib.

Editor.az xəbər verir ki, agentlik bununla bağlı ictimaiyyətə müraciət yayıb.

Bildirilib ki, kinoteatrlarda seanslar zamanı mobil telefon, kamera və digər elektron cihazlardan istifadə etməklə filmin görüntülərini qeydə almaq, eləcə də həmin materialları icazəsiz şəkildə yaymaq yolverilməzdir.

Kino Agentliyinin açıqlamasına görə, bu cür hallar filmin yaradıcı heyətinə, istehsalçılarına və seansa gələn digər tamaşaçılara qarşı hörmətsizlik olmaqla yanaşı, müəlliflik hüquqlarının pozulmasına da səbəb ola bilər.

Qeyd olunub ki, qanunvericiliyə əsasən, əsərin surətinin hazırlanması müəlliflik hüququ sahibinin müstəsna hüquqlarına daxildir. Bu anlayışa filmin videoyazı formasında qeydə alınması da aiddir. Xüsusilə, çəkilmiş görüntülərin hüquq sahibinin icazəsi olmadan sosial şəbəkələrdə və digər platformalarda paylaşılması hüquqi məsuliyyət yarada bilər.

Agentlik tamaşaçılara müraciət edərək nümayiş zamanı filmin çəkilməməsini və ona aid görüntülərin icazəsiz paylaşılmamasını tələb edib.

Bildirilib ki, müəyyən edilmiş qaydaların pozulması halları aşkarlanarsa, təqsirli şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.