Oktyabrın 20-də Bakının bir sıra ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Məhdudiyyət paytaxtın bir neçə rayonunu və yaşayış massivini əhatə edəcək.
Editor.az-ın məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyi açıqlama yayıb.
Bildirilib ki, qazın verilişində fasilə yeni çəkilmiş qaz kəmərinin mövcud yüksəktəzyiqli magistral xəttə birləşdirilməsi ilə əlaqədardır. Birləşdirmə işləri “Qaz İxrac” İdarəsi tərəfindən həyata keçiriləcək.
Məlumata əsasən, oktyabrın 20-də saat 09:00-dan etibarən işlər başa çatanadək aşağıdakı ərazilərdə qaz təchizatı dayandırılacaq:
– Yasamal və Nəsimi rayonlarının bir hissəsi;
– Səbail rayonunun Badamdar qəsəbəsi;
– Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonları;
– Vorovski və Xutor yaşayış massivləri;
– Sulutəpə və Xocəsən qəsəbələri;
– Biləcəri qəsəbəsinin bir hissəsi.
Qaz təchizatının bərpası işlərin yekunlaşmasından sonra mümkün olacaq. Fasilənin dəqiq bitmə saatı açıqlanmayıb.
Sakinlərə oktyabrın 20-də qaz təchizatında yarana biləcək müvəqqəti fasiləni nəzərə almaları tövsiyə olunur.

