Türkiyənin Milliyyətçi Türkiyə Partiyasının sədri Ahmet Yılmaz Azərbaycanda hicablı qızların ümumtəhsil müəssisələrinə buraxılmaması ilə bağlı iddialara münasibət bildirib. O, son günlər Azərbaycanı hədəf alan tənqidlərin əsassız olduğunu və ölkəyə qarşı qərəzli yanaşma sərgiləndiyini iddia edib.
Editor.az xəbər verir ki, Ahmet Yılmaz bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Türkiyəli siyasətçi Azərbaycana yönələn ittihamları tənqid edərək Əfqanıstanda qızların təhsil hüququ ilə bağlı vəziyyətə diqqət çəkib. O bildirib ki, Əfqanıstanda qızların təhsil almasına qoyulan qadağalara eyni səviyyədə reaksiya verilmədiyi halda, Azərbaycana qarşı sərt fikirlər səsləndirilir.
“Əfqanıstanda qızların təhsil alması bütövlükdə qadağan edildi. Lakin kimsə buna etiraz edib bir söz söyləmədi. Sizin bütün fəaliyyətiniz türk düşmənliyinə əsaslanır. Siz yaltaq və ikiüzlüsünüz!” – deyə Ahmet Yılmaz paylaşımında qeyd edib.
Partiya sədri bununla da Azərbaycana qarşı səsləndirilən fikirlərə kəskin etirazını ifadə edib.

