Yeni bir məkana səfərin ilk günündə ağır və orqanizm üçün alışılmamış qidalardan uzaq durmaq tövsiyə olunur. Çünki uzun yol, iqlim dəyişikliyi və yeni mühit insan orqanizmi üçün ciddi stress yaradır.
Editor.az xəbər verir ki, bu barədə rusiyalı dietoloq Yelena Solomatina məlumat verib.
Mütəxəssisin sözlərinə görə, səyahət zamanı temperatur, atmosfer təzyiqi, suyun və qidaların tərkibi, eləcə də ətraf mühitdəki mikroorqanizmlər dəyişir. Bütün bunlar orqanizmin maddələr mübadiləsini yenidən uyğunlaşdırmasına səbəb olur. Nəticədə qan təzyiqi və qanda şəkərin səviyyəsi arta, qan qatılaşa və bağırsaq mikroflorasında dəyişikliklər baş verə bilər.
Həkim bildirib ki, stress vəziyyətində həzm sistemi əvvəlki kimi effektiv işləmir. Bu səbəbdən ilk günlərdə həzm fermentlərinin ifrazı azalır, köp və narahatlıq yarana bilər. Orqanizmin yeni şəraitə uyğunlaşması üçün vaxt lazım olduğundan, ilk günlər daha çox yüngül və maye qidalara üstünlük verilməsi məsləhət görülür.
Dietoloq qeyd edib ki, yeməklər yalnız orqanizmdəki gərginlik azaldıqdan sonra qəbul edilməlidir. Həmçinin ayaqüstü qəlyanaltılardan və yemək zamanı telefon kimi elektron cihazlardan istifadə etməkdən çəkinmək tövsiyə olunur. Qida rasionunda şorba, smuzi, sıyıq, pürelər, meyvə və tərəvəzlərə üstünlük verilməli, yeni yeməklər, souslar və ədviyyatlar isə xüsusilə uşaqlarda kiçik porsiyalarla və tədricən tətbiq edilməlidir.
Mütəxəssis kifayət qədər su qəbulunun vacibliyini də vurğulayaraq, sidikqovucu təsir göstərdiyi və orqanizmə əlavə yük yaratdığı üçün spirtli içkilərdən uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, tətilin ilk günündə qızardılmış yeməklər, mal və qoyun əti, eləcə də kabab kimi ağır qidalar məsləhət görülmür. Yerli mətbəxin acılı və yağlı yeməklərinə isə orqanizm uyğunlaşdıqdan, təxminən 2–3 gün sonra keçmək daha məqsədəuyğundur.
//Gülnarə Abasova, Editor.az

