Yaxın Şərqdə hərbi-siyasi gərginliyin yenidən artması beynəlxalq təhlükəsizlik gündəminin əsas mövzularından birinə çevrilib. ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələyə keçməsi təkcə iki ölkə arasındakı münasibətlərə deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasına və geosiyasi balansına təsir göstərə biləcək proses kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, hadisələrin sonrakı inkişafı tərəflərin hərbi və diplomatik qərarlarından birbaşa asılı olacaq.
Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, İranın ABŞ ilə əldə olunan razılaşmaları faktiki olaraq nəzərə almaması və atəşkəsi pozması eskalasiyanın ikinci dalğasının başlanmasına səbəb olub:
“Birinci mərhələdə İran müəyyən mənada diplomatik masada üstünlüklər əldə etmişdi. Lakin ölkə daxilində siyasi sistemin ABŞ ilə razılaşmalara qarşı çıxması proseslərin bu mərhələyə gəlib çatmasına səbəb oldu. Artıq ABŞ da İranın davamlı təxribat xarakterli addımlarına əvvəlki kimi səbr və təmkinlə yanaşmaq niyyətində deyil. Çünki Tehran regionda geosiyasi mövqelərini daha da gücləndirməyə çalışır və Vaşinqtonla münasibətlərin yalnız öz şərtləri əsasında tənzimlənməsini tələb edir.
Bu səbəbdən ABŞ hərbi əməliyyatların ikinci mərhələsində İranın hərbi infrastrukturunu sıradan çıxarmağa, onun iqtisadi və hərbi potensialını zəiflətməyə yönəlmiş daha sərt strategiya həyata keçirir. Hesab edirəm ki, endirilən zərbələr İran iqtisadiyyatına ciddi təsir göstərəcək və bu da ölkə daxilində sosial narazılıqların artmasına zəmin yarada bilər.”
Siyasi analitikin fikrincə, ABŞ münaqişənin bütün Yaxın Şərqə yayılmasında maraqlı deyil:
“Düşünmürəm ki, ABŞ bu müharibənin regiona genişlənməsini istəyir. Əksinə, belə bir ssenaridə daha çox maraqlı görünən tərəf İrandır. Hazırda Vaşinqton hərbi zərbələr vasitəsilə Tehranı öz şərtlərini qəbul etməyə məcbur edəcək proses formalaşdırmağa çalışır. ABŞ-ın əsas məqsədi İran rəhbərliyini kapitulyasiya xarakterli qərarlar verməyə sövq etməkdir”.
//Gülnarə Abasova, Editor.az

