Ukrayna Prezidenti Volodimir Zelenski iyunun ortalarında Fransada keçiriləcək G7 sammitində iştirak edəcək.
Editor.az bu barədə Politico nəşrinə istinadla xəbər verir.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Zelenskinin Evian-le-Ben şəhərində təşkil olunacaq tədbirdə Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada, Böyük Britaniya və ABŞ-ın dövlət və hökumət başçılarına qoşulacağı gözlənilir.
Politico-nun həmsöhbətlərindən birinin sözlərinə görə, Ukrayna tərəfi sammit çərçivəsində hava hücumundan müdafiə məsələsini gündəmə gətirməyi və hərbi diplomatiya ilə bağlı müzakirələr aparmağı planlaşdırır.
G7 sammiti iyunun 15-17-də keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl NATO-nun Baş katibi Mark Rutte Ukrayna Prezidenti Volodymyr Zelenskyyni Türkiyədə keçiriləcək alyans sammitinə dəvət etmişdi. Rutte bildirib ki, Zelenski tədbirdə iştirak edəcəyinə dair söz verib.
Növbəti NATO sammitinin iyulun 7-8-də Ankarada keçirilməsi planlaşdırılır.
//Gülnarə Abasova, Editor.az


