İşğaldan azad edilmiş ərazilərdə yeni vergi güzəştləri – Hansı sahələri əhatə edir?backend

İşğaldan azad edilmiş ərazilərdə yeni vergi güzəştləri – Hansı sahələri əhatə edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün vergi və gömrük güzəştlərinin əhatə dairəsi genişləndirilib. Yeni dəyişikliklər bir sıra istehsal, kənd təsərrüfatı, əczaçılıq və bərpaolunan enerji sahələrini əhatə edir.

Editor.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi açıqlama yayıb.

Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli qərarına əsasən, işğaldan azad edilmiş ərazilərə idxal olunan və əlavə dəyər vergisi (ƏDV) ilə gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıq, qurğular, xammal və materiallarla bağlı güzəştlərin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.

Güzəştlərin şamil edildiyi yeni fəaliyyət sahələri bunlardır:

– Əczaçılıq məhsullarının istehsalı;

– Bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı;

– Üzümdən şərab istehsalı;

– Elmi tədqiqat və işləmələr;

– Ət, quş əti, balıq və süd məhsullarının emalı və konservləşdirilməsi;

– Heyvan yeminin istehsalı;

– İribuynuzlu mal-qara və camışların yetişdirilməsi;

– Şirin su hövzələrində balıq yetişdirilməsi;

– Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, güzəştlər yalnız müvafiq qərarla təsdiqlənmiş siyahıda yer alan fəaliyyət sahələrinə və həmin sahələr üçün nəzərdə tutulan texnika, avadanlıq, xammal və materiallara şamil edilir.

Dəyişikliklərin işğaldan azad edilmiş ərazilərdə istehsal və emal müəssisələrinin yaradılmasına, investisiya xərclərinin azaldılmasına və yeni biznes layihələrinin reallaşdırılmasına dəstək verəcəyi gözlənilir.

Güzəştlərdən yararlanmaq istəyən sahibkarlar sənədlərini İqtisadiyyat Nazirliyinə həm fiziki, həm də elektron formada təqdim edə bilərlər.

Sənədlər Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 155 ünvanında qəbul edilir. Elektron müraciətlər isə office@economy.gov.az elektron poçt ünvanı vasitəsilə göndərilə bilər.