Tramp İlon Maskı mükafatlandırdı – Aralarındakı qalmaqaldan sonra diqqətçəkən qərarbackend

Tramp İlon Maskı mükafatlandırdı – Aralarındakı qalmaqaldan sonra diqqətçəkən qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp texnologiya sahəsinin tanınmış simalarından olan İlon Maskı Milli Elm Medalı ilə təltif edib. Mərasimdə Trampın Mask haqqında səsləndirdiyi təriflər iki milyarder arasında son illərdə yaşanan fikir ayrılıqlarını yenidən gündəmə gətirib.

Editor.az-ın Euronews-dan aldığı məlumata görə, mükafatlandırma mərasimi cümə axşamı Vaşinqtonda yerləşən Sülh İnstitutunda keçirilib. SpaceX şirkətinin rəhbəri İlon Maskla yanaşı, Google-un həmtəsisçisi Sergey Brin, Nvidia şirkətinin baş direktoru Jensen Huang və AMD-nin rəhbəri Lisa Su da nüfuzlu mükafata layiq görülüblər.

Tədbirin açılışında çıxış edən Donald Tramp ABŞ-da elmin və texnologiyanın inkişafının yeni mərhələyə qədəm qoyduğunu bildirib. Daha sonra İlon Maskın fəaliyyətinə toxunan prezident onu “sənaye nəhəngi” adlandırıb və müasir dövrün Tomas Edisonuna bənzədib.

Tramp Maskın elmi-texnoloji yeniliklərə verdiyi töhfələri yüksək qiymətləndirərək onun ABŞ-ın milli maraqlarının qorunması və ölkənin texnoloji imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. Prezident Maskı xüsusi istedada və qətiyyətə malik şəxs kimi xarakterizə edib, onu dostu adlandıraraq mükafat münasibətilə təbrik edib.

Tramp və Mask arasında münasibətlər əvvəllər ciddi şəkildə gərginləşmişdi.

İlon Mask Trampın prezident seçkiləri kampaniyasının son mərhələsində ona dəstək vermiş, 2025-ci ilin yanvarında Tramp Ağ Evə qayıtdıqdan sonra isə hökumət xərclərinin azaldılması istiqamətində fəaliyyət göstərən Hökumətin Səmərəliliyi Departamentində (DOGE) önəmli rol oynamışdı.

Lakin tərəflər arasında fikir ayrılığı Trampın “One Big Beautiful Bill” adlı genişmiqyaslı xərclər qanun layihəsi ətrafında yaranıb. Mask sənədi tənqid etdikdən sonra onların münasibətləri açıq qarşıdurma mərhələsinə keçib. İki tanınmış şəxs arasında yaşanan mübahisə uzun müddət ictimaiyyətin diqqət mərkəzində qalıb.

Son həftələrdə isə Maskın yenidən Tramp administrasiyasına yaxınlaşdığı bildirilir. Tesla şirkətinin rəhbərinin “Project Meridian” adlı layihənin həmsədri vəzifəsini üzərinə götürəcəyi gözlənilir.

ABŞ Müdafiə Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihə gələcəyin müharibələrinin necə aparılacağını araşdırmağı, ABŞ ordusunun ehtiyac duyacağı silah və texnologiyaları müəyyənləşdirməyi hədəfləyir. Təşəbbüs çərçivəsində yeni imkanların hazırlanması, sınaqdan keçirilməsi və hərbi istifadəyə verilməsi üçün konkret təkliflərin irəli sürülməsi nəzərdə tutulur.

Ağ Evin yaydığı açıqlamada İlon Maskın Milli Elm Medalı ilə mühəndislik sahəsində genişmiqyaslı və iddialı nailiyyətlərinə görə təltif edildiyi bildirilib. Açıqlamaya əsasən, onun kosmik tədqiqatlar, intellektual sistemlər, kommunikasiya və digər texnoloji sahələrdəki fəaliyyəti ABŞ-ın texnoloji liderliyinin gücləndirilməsinə və istehsal imkanlarının inkişafına töhfə verib.

\\ Aydan Bünyatova, Editor.az