İkardi və Vanda Nara rəsmən boşandı – Məhkəmədən mühüm qərarbackend

İkardi və Vanda Nara rəsmən boşandı – Məhkəmədən mühüm qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinalı futbolçu Mauro İkardi ilə Vanda Naranın nikahı rəsmən sona çatıb. Milan məhkəməsi cütlüyün boşanması ilə bağlı qərar verib. Məhkəmə prosesi zamanı aliment və kompensasiya tələbləri ilə bağlı da qərarlar qəbul olunub.

Editor.az-ın Oxu.Az-a istinadən yaydığı məlumata görə, İkardi boşanma prosesinin yekunlaşdığını sosial şəbəkə hesablarında açıqlayıb. Futbolçu bildirib ki, 2024-cü ilin noyabrında başlayan hüquqi mübarizə nikahın ləğvi ilə nəticələnib.

İkardinin sözlərinə əsasən, məhkəmə Vanda Naranın aylıq 250 min avro aliment ödənilməsi ilə bağlı tələbini təmin etməyib. Qərarda Naranın özünü maddi baxımdan təmin etmək üçün kifayət qədər gəlirə və əmlaka malik olduğu qeyd olunub.

Bundan başqa, Naranın nikah səbəbindən şəxsi karyerasından imtina etməsi ilə bağlı iddiaları da məhkəmədə təsdiqini tapmayıb. Buna görə tələb edilən kompensasiya ödənişinin verilməsi də rədd olunub.

Məhkəmə xərclərinin üçdə iki hissəsinin İkardiyə ödənilməsi barədə də qərar çıxarılıb.

Bununla belə, futbolçu ilə keçmiş həyat yoldaşı arasında əmlak məsələləri tam həll olunmayıb. İkardinin açıqlamasına görə, aktivlərin və daşınmaz əmlakların geri qaytarılması, eləcə də bəzi əmlak ötürmələrinin ləğvi ilə bağlı Milanda ayrıca məhkəmə prosesi davam edir.

Futbolçu boşanma qərarını həyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. O, paylaşımında bu günün yeni bir dövrün başlanğıcını qeyd etmək üçün fürsət olduğunu bildirib.

Qeyd edək ki, 33 yaşlı Mauro İkardi “Qalatasaray”dan ayrıldıqdan sonra hələlik yeni klubla müqavilə imzalamayıb. Argentinalı hücumçu Türkiyə klubunun heyətində 134 rəsmi oyunda meydana çıxıb, 77 qol vurub və 25 məhsuldar ötürmə edib.