Azərbaycan və NATO Bakıda birgə hərbi təlim keçirir – FOTObackend

Azərbaycan və NATO Bakıda birgə hərbi təlim keçirir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın inkişafına yönələn növbəti tədbir təşkil olunub. “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin üçüncü görüşü və birinci səviyyəli özünüqiymətləndirmə təliminin açılış mərasimi baş tutub.

Editor.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, tədbirə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, tərəfdaş ölkələrin nümayəndələri də qatılıblar.

Təlim proqramı çərçivəsində iştirakçılara NATO standartlarına uyğun sülhməramlı əməliyyat ssenariləri əsasında məşğələlər keçiriləcək. Hərbi qərarların qəbul edilməsi prosesi üzrə planlaşdırma və əməliyyatların icrası əsas istiqamətlərdən olacaq.

Müdafiə Nazirliyi bildirib ki, bu cür tədbirlər hərbi qulluqçuların sülhməramlı missiyalara hazırlığının artırılmasına, tərəfdaş ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə və təcrübə mübadiləsinə şərait yaradır.

Bununla yanaşı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş sülhməramlı taborun və Hərbi Polis bölüyünün birinci səviyyəli özünüqiymətləndirməsi aparılacaq.

Qiymətləndirmə zamanı hərbi texnika, təchizat və digər avadanlıqların vəziyyətinə baxış keçiriləcək. Həmçinin hərbi qulluqçuların sülhməramlı əməliyyatlar zamanı taktiki tapşırıqları yerinə yetirmək bacarıqları yoxlanılacaq.