Xaçmaz şəhərində yerləşən mağazalardan birində yanğın hadisəsi baş verib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun mağazanın digər hissələrinə və yaşayış binasına yayılmasının qarşısı alınıb.
Editor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri göndərilib.
Yanğın 12 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən, ümumi sahəsi 400 kvadratmetr olan mağazada qeydə alınıb. Alov vitrin soyuducularda başlayıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə nəzarətə götürülərək söndürülüb. Bununla da alovun mağazanın digər hissələrinə və binaya keçməsinə imkan verilməyib.
Hadisə nəticəsində altı vitrin soyuducu və mağazanın plastik divarının 6 kvadratmetrlik hissəsi yanıb.
Görülən tədbirlər sayəsində mağazanın böyük hissəsi və çoxmərtəbəli yaşayış binası yanğından qorunub.
FHN hadisə ilə bağlı məlumat yayıb.

