Rusiyanın “Rybar” Telegram kanalının yaradıcısı Mixail Zvinçuk Monteneqroda saxlanılıb.
Editor.az-ın Rusiya bürosunun yerli “Vijesti” qəzetinə istinadən yaydığı məlumata görə, Zvinçuk, həyat yoldaşı Valeriya və “Rybar” kanalının daha üç əməkdaşı bu səhər Monteneqronun Risan şəhərində keçirilən əməliyyat zamanı saxlanılıblar.
Məlumata əsasən, əməliyyat Monteneqro polisi və ölkənin Milli Təhlükəsizlik Agentliyinin birgə iştirakı ilə həyata keçirilib.
Saxlanılmanın xarici informasiya təsir əməliyyatları ilə əlaqəli Telegram kanallarının hibrid fəaliyyətlərinin qarşısının alınması məqsədi daşıdığı bildirilir. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.
Qeyd edək ki, “Rybar” Telegram kanalı və onun yaradıcısı Mixail Zvinçuk Rusiyada Azərbaycan əleyhinə informasiya kampaniyaları ilə bağlı müzakirələrdə də gündəmə gəlib. Zvinçukun müəllifi olduğu “Rybar” və “Tsarqrad” kanallarında Azərbaycanla bağlı tənqidi və anti-Azərbaycan mövqeli materiallar dərc olunub.

