Azərbaycanda diri heyvan idxalı ilə də məşğul olan “Retro Holding” MMC-nin vəzifəli şəxsi həbs olunub. Şirkətin baş mütəxəssisi Rüfət Səfiyev 1 milyon 500 min manat vəsaiti mənimsəməkdə ittiham edilir.
Editor.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, cinayət işi Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb.
İstintaq materiallarına əsasən, Rüfət Səfiyev xarici ölkələrdən diri heyvanların alınması üçün ayrılmış 1,5 milyon manat məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinir.
Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə, xüsusilə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Yaxın vaxtlarda işə məhkəmədə baxılması gözlənilir.
Qanunvericiliyə əsasən, irəli sürülən ittiham sübuta yetirilərsə, Rüfət Səfiyevi 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Məhkəmənin yekun qərarı verilənədək şəxs təqsirsiz hesab olunur.

