Hörmüz boğazında təxminən 2 500 konteyner daşıyan yük gəmisinin dəniz minasına düşərək batdığı bildirilir. Hadisə zamanı gəmidə partlayış baş verdiyi və yanğın başladığı qeyd olunur.
Editor.az xəbər verir ki, “Mehr” xəbər agentliyinin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən yaydığı məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
İran tərəfinin iddiasına əsasən, qaçaqmal yükü daşıdığı bildirilən gəmi Hörmüz boğazından icazəsiz və təhlükəli marşrutla keçməyə cəhd göstərib. Bu zaman gəminin dəniz minasına düşdüyü, ardınca partlayışın baş verdiyi və yanğının yayıldığı qeyd edilir.
Məlumata görə, təxminən 2 500 konteyner daşıyan gəmi nəticədə batıb.
Hadisə ilə bağlı yayılan məlumatda gəminin adı, mənsub olduğu ölkə və heyət üzvlərinin taleyi barədə ətraflı məlumat verilməyib. İran mediasının yaydığı iddiaların müstəqil mənbələr tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi də məlum deyil.

