Müəllimlərin gələcəyi necə olacaq?- Deputatdan mühüm açıqlamabackend

Müəllimlərin gələcəyi necə olacaq?- Deputatdan mühüm açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk növbədə, bütün müəllimlərimizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, onların cəmiyyətimizin gələcəyinin formalaşmasında mühüm rolunu xüsusi qeyd etmək istəyirəm. Həqiqətən də, təhsil həm də şəxsiyyət, vətəndaş və insan kapitalı formalaşdıran strateji sahədir. Bu baxımdan müəllimə münasibət, əslində, cəmiyyətin öz gələcəyinə münasibətidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı səsləndirib.

O bildirib ki, bu gün Azərbaycanda təhsilin inkişafı, müəllimlərin peşəkarlığının və sosial rifahının artırılması istiqamətində mühüm işlər görülür:

“Müəllimlərin işə qəbulu və sertifikatlaşdırılması mexanizmləri təkmilləşdirilir, peşəkar inkişaf imkanları genişləndirilir. 2025–2026-cı tədris ilində 45 min təhsilverənin müxtəlif ixtisasartırma təlimlərinə cəlb edilməsi də bu istiqamətdə görülən işlərin miqyasını göstərir. Eyni zamanda, sertifikatlaşdırma prosesinin nəticələri əsasında 73 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib.
XXI əsrin tələbləri qarşısında təhsil sisteminin daim yenilənməsi zəruridir.
XXI əsrin müəllimi özü də fasiləsiz öyrənən insan olmalıdır. Müasir müəllim dərslikdəki məlumatı şagirdə çatdırmaqla yanaşı, şagirdin düşünməsinə istiqamət verən, onun fərdi qabiliyyətlərini üzə çıxaran, texnologiyalardan səmərəli istifadə edən, yeni bilikləri daim mənimsəyən pedaqoq olmalıdır.

Bu baxımdan süni intellekt və rəqəmsal texnologiyalar müəllimin rəqibi deyil, onun köməkçisi kimi qəbul edilməlidir. Hazırda Azərbaycanda müəllimlərin süni intellekt əsaslı müxtəlif alətlərdən istifadəsinə imkan yaradılır. “Rəqəmsal məktəb” platformasında müəllimlərin müxtəlif həllərdən istifadəsi buna nümunədir.

Amma burada mühüm bir məqam var – texnologiya müəllimi əvəz etməməlidir. Çünki uşağın emosional vəziyyətini anlamaq, ona motivasiya vermək, düzgün istiqamət göstərmək, mənəvi dəyərlər aşılamaq və şəxsiyyət kimi formalaşmasına təsir göstərmək yalnız texnologiya ilə mümkün deyil. Süni intellekt məlumat verə bilər, amma müəllim uşağın potensialını görür.

Bununla yanaşı məktəbdə sağlam və yaradıcı təhsil mühiti formalaşdırılmalıdır. Uşaqların yalnız yüksək qiymət almağa deyil, öyrənməyə, araşdırmağa, səhv etməkdən qorxmamağa və yeni ideyalar irəli sürməyə təşviq olunması vacibdir. Məktəb şagirdin özünü rahat və təhlükəsiz hiss etdiyi, sual verməkdən çəkinmədiyi bir mühit olmalıdır.

Hesab edirəm ki, gələcəyin müəllimi həm yüksək peşəkarlığa, həm rəqəmsal savada, həm də güclü kommunikasiya və pedaqoji bacarıqlara malik olmalıdır. O, şagirdə hazır cavab verməkdən daha çox, cavabı özü tapmaq üçün yol göstərməlidir. Əsas hədəf müasir düşünən, araşdıran, yaradan və gələcəyin çağırışlarına hazır olan nəsil yetişdirməkdir. Bunun əsas dayaqlarından biri isə, şübhəsiz ki, müəllimdir”.

//Gülnarə Abasova, Editor.az