Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Hüquqları Konfransı (HDIM 2026) öz işinə başlayıb. Oktyabrın 5-dən 15-dək davam edəcək mötəbər tədbirdə ATƏT-in 57 üzv ölkəsindən diplomatlar, hüquq müdafiəçiləri, jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Konfransda insan hüquqları, fundamental azadlıqlar, seçki prosesi, demokratiya, münaqişələr, beynəlxalq təhlükəsizlik və sülh məsələləri geniş müzakirə olunur.
Oktyabrın 5-də plenar sessiyanın ilk paneli humanitar məsələlərə həsr olunub. Sessiya zamanı beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquq, humanitar böhranlar, həmçinin münaqişə zonalarında insan haqlarının vəziyyəti ətraflı müzakirə edilib.
Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov ATƏT coğrafiyasında münaqişələrin dərinləşməsi və Cənubi Qafqazdakı sülh gündəliyi barədə fikirlərini bölüşüb. Çıxışına başlamazdan əvvəl Ermənistan nümayəndəsinin revanşist fikirlərinə cavab verən hüquq müdafiəçisi bildirib ki, Azərbaycan öz suveren ərazilərini işğaldan azad edib və hər zaman insan haqları ilə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşıb.
“35 illik işğal dönəmində Azərbaycanın haqlı mövqeyi beynəlxalq təşkilatlar tərəfindən təmin edilmədi və bir milyondan artıq məcburi köçkünün səsi eşidilmədi. Lakin 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz ərazilərini işğaldan azad edərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi,” – deyə Əhməd Şahidov qeyd edib.
Əhməd Şahidov vurğulayıb ki, güclü tərəf olmasına və müharibədə qələbə çalmasına baxmayaraq, Azərbaycan müharibədən dərhal sonra sülh gündəliyinə böyük önəm verib və Ermənistanla sülh sənədinin imzalanması üçün mühüm səylər göstərib. Hazırda iki ölkə arasında sülh prosesi aktiv şəkildə davam edir, qarşılıqlı ticarət əlaqələri qurulub, Azərbaycan özünün neft və enerji məhsullarını Ermənistana satır və bununla da tərəflər bütün dünyaya sülh nümunəsi sərgiləyirlər.
Çıxışının sonunda Əhməd Şahidov dünyanın müxtəlif paytaxtlarında sülh müqaviləsinin imzalanması üçün aparılan əvvəlki danışıqların nəticəsiz qaldığını, nəhayət Vaşinqtonda sülh sənədinin imzalandığını diqqətə çatdırıb. O, bu tarixi sülhün əldə olunmasının əsas müəllifi qismində Amerika Birləşmiş Ştatlarını və ölkə prezidenti Donald Trampı göstərərək, zalda əyləşən ABŞ nümayəndələrinə xüsusi təşəkkürünü bildirib.


