Türkiyə kinosunun “Altın Çocuk” ləqəbi ilə tanınan məşhur aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişib.
Editor.az Haber Global-a istinadən xəbər verir ki, Yeşilçamın tanınmış simalarından olan sənətçinin vəfatı Türkiyənin sənət ictimaiyyətində və pərəstişkarları arasında böyük kədər yaradıb.
Göksel Arsoy uzun illər ərzində Türk kinosunun yadda qalan simalarından biri kimi tanınıb. Onun dəfn mərasiminin çərşənbə günü keçirilməsi gözlənilir.
Aktyorun oğlu Aşkım Arsoy atasının vəfatı ilə bağlı açıqlamasında onun son iki il ərzində ciddi səhhət problemi yaşamadığını bildirib. O qeyd edib ki, sənətçinin görmə qabiliyyətində yaranan problem zamanla hərəkət imkanlarının azalmasına və zəifləməsinə səbəb olub.
Aşkım Arsoy atasının ölümündən iki gün əvvələ qədər vəziyyətinin normal olduğunu, lakin son günündə reaksiyalarının zəiflədiyini deyib. Onun sözlərinə görə, Göksel Arsoy səhər saatlarında yuxuda olub və saat 10:00-da onunla danışıb. Təxminən yarım saat sonra isə yaxınları sənətçinin nəfəs almadığını müəyyən ediblər.
Ailə üçün ən böyük təsəllinin aktyorun hər hansı ağrı və əziyyət çəkmədən dünyasını dəyişməsi olduğu bildirilib. Aşkım Arsoy atasının son günlərdə halsız olduğunu, lakin uzun müddət xəstəxanada müalicə almadığını vurğulayıb.
\\ Aydan Bünyatova, Editor.az

