Netanyahudan sensasion etiraf: İsrail artıq tək hərəkətə hazırlaşır?backend

Netanyahudan sensasion etiraf: İsrail artıq tək hərəkətə hazırlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə artan gərginlik və geosiyasi maraqların toqquşması fonunda İsrail-ABŞ münasibətlərinin gələcək trayektoriyası yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə regional təhlükəsizlik məsələləri və İran amili bu münasibətlərin xarakterinə birbaşa təsir göstərir. Belə bir şəraitdə İsrailin müstəqil hərəkət imkanları və Vaşinqtonun mümkün mövqeyi ilə bağlı səsləndirilən fikirlər diqqətlə təhlil olunur.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Netanyahunun HƏMAS-ın tərksilahı məsələsində təkbaşına hərəkət edəcəyi ilə bağlı açıqlaması gözlənilməz hesab olunmamalıdır:

“2023-cü ilin 7 oktyabrından sonra başlayan əməliyyatların davam etdirilməsi və Qəzzaya tam nəzarətin təmin olunması məqsədi İsrail rəhbərliyini bu istiqamətdə addımlar atmağa sövq edir. Qasımov qeyd edib ki, Qəzza ilə bağlı Donald Tramp tərəfindən irəli sürülən sülh planı və yaradılmış mexanizmlər mövcud olsa da, İranla bağlı gərginlik bu məsələləri qismən ikinci plana keçirib. Eyni zamanda, İranla bağlı proseslərdə ABŞ və İsrail arasında müəyyən fikir ayrılıqları və strateji yanaşma fərqləri də müşahidə olunur ki, bu da Netanyahunun bəyanatını izah edən əsas amillərdən biri kimi qiymətləndirilir.

ABŞ-ın İranla mümkün qarşıdurmadan tədricən geri çəkilmək niyyətinə dair siqnallar verilir və həm Donald Trampın, həm də Ceyms Divensin son açıqlamaları bu ehtimalı gücləndirir. Vaşinqton artıq müəyyən hədəflərə çatdığını bəyan edərək, prosesdə iştirakını məhdudlaşdıra bilər. Bu fonda İsrail öz məqsədlərinə nail olmaq üçün mövcud vəziyyətdən maksimum istifadə etməyə çalışır və bəzi hallarda ABŞ-ı fakt qarşısında qoyaraq addımlar atır. Bu yanaşma həm HƏMAS, həm də Hizbullah istiqamətində həyata keçirilən əməliyyatlarda da özünü göstərir”.

O. Qasımovun fikrincə, Hizbullah və HƏMAS-la mübarizədə İsrailin müstəqil şəkildə hərəkət etmək imkanları mövcuddur və bu istiqamətdə müəyyən nəticələr əldə olunması mümkündür:

“İranla mümkün genişmiqyaslı qarşıdurmada İsrailin təkbaşına hərəkət etməsi real görünmür. Son dövrlərdə baş verən hərbi toqquşmalar göstərir ki, İsrail İran kimi regional gücə qarşı tam üstünlük əldə etmək üçün ABŞ-ın dəstəyinə ehtiyac duyur.

ABŞ-ın İsraili tamamilə tək buraxması ehtimalı inandırıcı deyil. Çünki Vaşinqtonun xarici siyasətində əsas prioritetlərdən biri İsrailin təhlükəsizliyinin təmin olunmasıdır. Bu baxımdan, tərəflər arasında taktiki fikir ayrılıqları olsa da, yaxın perspektivdə ABŞ-ın İsraili dəstəksiz qoyacağı ssenari real hesab edilmir”.

//Gülnarə Abasova, Editor.az