Alimlər ilk nüvə saatını hazırladı – zamanın ölçülməsində YENİ DÖVRbackend

Alimlər ilk nüvə saatını hazırladı – zamanın ölçülməsində YENİ DÖVR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər atom nüvəsində baş verən enerji keçidlərindən istifadə edən dünyanın ilk nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın fundamental fizika sahəsində mühüm imkanlar aça biləcəyi bildirilir.

Editor.az Euronews-a istinadən xəbər verir ki, tədqiqatçılar bu qurğuların iş prinsipinin hazırkı atom saatlarından fərqləndiyini qeyd edirlər. Ən dəqiq saatlarda zaman elektronların atom daxilində müxtəlif enerji səviyyələri arasında keçidlərinin izlənilməsi ilə ölçülür. Nüvə saatlarında isə əsas istinad nöqtəsi birbaşa atomun nüvəsidir.

Çinin Tsinghua Universiteti və digər elmi müəssisələrinin, eləcə də Avstriyanın TU Wien universitetinin tədqiqat qrupları əldə etdikləri nəticələri “Nature” jurnalında dərc olunan iki ayrı məqalədə təqdim ediblər.

Yeni saatların əsasını nadir torium-229 atomu təşkil edir. Bu elementin nüvəsi ultrabənövşəyi lazer işığının təsiri ilə enerji vəziyyətini dəyişə bilir. Hazırda belə keçiddən saat yaratmaq üçün istifadə oluna bildiyi məlum olan yeganə atom nüvəsi torium-229-dur.

Alimlər dalğa uzunluğu 148,4 nanometr olan ultrabənövşəyi işıq yaradan lazer hazırlayıb və onu torium-229 atomları yerləşdirilmiş kiçik kalsium-flüorid kristallarına yönəldiblər.

Sınaqlar zamanı nüvə saatının işlək olduğu təsdiqlənib. Lazer torium-229 nüvəsinin keçidinə sabitlənib və cihaz zaman ölçməsində təxminən 10⁻¹⁵ dəqiqlik nümayiş etdirib.

Mütəxəssislər dəqiq zaman ölçməsinin peyk naviqasiyası və telekommunikasiya kimi sahələr üçün böyük əhəmiyyət daşıdığını bildirirlər. Nüvə saatlarının gələcəkdə bu texnologiyaların daha dəqiq işləməsinə imkan verə biləcəyi ehtimal olunur.

Yeni texnologiya fundamental fizika baxımından da maraq doğurur. Alimlər nüvə səviyyəsində zamanın daha dəqiq ölçülməsinin kainatın əsas qanunlarının öyrənilməsində yeni imkanlar yarada biləcəyini düşünürlər.

\\ Aydan Bünyatova, Editor.az