Azərbaycanda bəzi informasiya sistemlərinin kibertəhlükələrin hədəfində olduğu müəyyən edilib.
Editor.az Milli.Az-a istinadən xəbər verir ki, Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) apardığı monitorinq və texniki təhlillər zamanı bir sıra informasiya sistemlərinə qarşı aktiv kiberhücumlar aşkarlayıb.
İlkin araşdırmalara görə, hücumların bir hissəsində “Microsoft SQL Server (MSSQL)” və “Firebird” verilənlər bazalarının köhnə versiyalarından istifadə edildiyi müəyyənləşdirilib. Bundan əlavə, bəzi sistemlərdə standart və ya ilkin giriş məlumatlarının dəyişdirilmədiyi aşkarlanıb.
Məlumata əsasən, kibercinayətkarlar zəif qorunan verilənlər bazalarına icazəsiz daxil olduqdan sonra sistemlərdə müxtəlif dəyişikliklər edə və nəzarəti genişləndirməyə çalışırlar. Bəzi hallarda isə sistemlərə naməlum faylların yerləşdirilməsi və onların sonrakı hücumlar üçün istifadəsi müşahidə olunub.
Agentlik hücumların zəncirvari xarakter daşıdığını bildirir. Belə ki, ələ keçirilmiş bir informasiya sistemi daha sonra digər sistemlərə hücum üçün aralıq platforma kimi istifadə oluna bilər. Bu isə təhlükənin daha geniş şəbəkəyə yayılması riskini artırır.
Hazırda kibertəhlükələrin miqyasının müəyyənləşdirilməsi, mümkün sistem komprometasiyalarının araşdırılması və risklərin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
MKA informasiya sistemlərinin sahibləri və inzibatçılarına təhlükəsizlik tədbirlərini gücləndirməyi tövsiyə edib. Xüsusilə MSSQL və Firebird sistemlərinin dəstəklənən son versiyalara yenilənməsi, standart şifrələrin dəyişdirilməsi və güclü, unikal şifrələrdən istifadə olunması vacib sayılır.
Həmçinin verilənlər bazalarının internetə birbaşa açıq saxlanılmaması, girişlərin yalnız zəruri IP ünvanları ilə məhdudlaşdırılması, şübhəli fayl və dəyişikliklərin mütəmadi yoxlanılması tövsiyə olunur.
Mütəxəssislər giriş və fəaliyyət jurnallarının davamlı izlənilməsini, kibermüdaxilə şübhəsi yarandıqda isə sistemin digər şəbəkə resurslarından mümkün qədər tez təcrid edilməsini məsləhət görürlər. Belə hallarda MKA-ya və ya ixtisaslaşmış mütəxəssislərə müraciət edilməsi tövsiyə olunur.

