Azərbaycanda hərbi xidmət keçən gənc əsgər Orxan Şabanov vəfat edib. Lənkəran sakini olan hərbçinin Şəmkir rayonunda yerləşən hərbi hissədə güllə yarası aldığı və oktyabrın 13-də həyatını itirdiyi bildirilir.
Editor.az-ın Oxu.Az-a istinadən əldə etdiyi məlumata görə, hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Orxan Şabanov Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunu olub. O, məktəbdə müəllim işləyən Aynur Şabanovanın oğlu və ailənin yeganə övladı idi.
Məlumata əsasən, gənc əsgər hərbi xidmətinin 1 il 3 ayını başa vurmuşdu və tərxis olunmasına üç ay qalırdı. O, oktyabrın əvvəlində nümunəvi xidmətinə görə hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilib. Məzuniyyətdən qayıtdıqdan sonra xidmətini davam etdirən Orxan oktyabrın 13-də aldığı güllə yarası nəticəsində vəfat edib.
Qeyd edək ki, hadisənin təfərrüatları və əsgərin ölüm səbəbi ilə bağlı rəsmi araşdırma davam edir.


