Bakıda ucuz evlər əsasən paytaxtın kənar rayonlarında yerləşir. Bəs ən münasib qiymətə fərdi yaşayış evləri və mənzillər hansı ərazilərdədir və onların qiymətləri təxminən nə qədərdir?
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Modern.az-a açıqlama verib:
“Bizim araşdırmalarımıza görə, ən ucuz fərdi yaşayış evləri Qaradağ, Suraxanı, Pirallahı və Sabunçu rayonlarının ərazisindədir. Amma bu o demək deyil ki, başqa rayonlarda təmiri aşağı səviyyədə olan, yerləşməsi uyğun olmayan ucuz fərdi yaşayış evləri tapmaq mümkün deyil. Ona görə də həmişə tövsiyə edirik ki, hər hansı əmlak alarkən ilk növbədə onun hüquqi sənədlərinə diqqət yetirilsin, qiymətinə yox. Çünki əmlak saytlarına baxanda təsəvvürə gəlməz dərəcədə ucuz, mərkəzə yaxın evlərin də olduğunu görürük. Bu cür elanları sona qədər araşdıranda məlum olur ki, həmin evlərin ya sənədləri qaydasında deyil, ya başqa problemi var, ya da uyğun olmayan ərazidə inşa olunub”.
Vüqar Orucun sözlərinə görə, Qaradağ, Suraxanı, Pirallahı və Sabunçu rayonlarında fərdi yaşayış evlərini nisbətən ucuz qiymətə tapmaq mümkündür. Onun sözlərinə görə, əvvəllər, qiymət artımından öncə, bu ərazilərdə təxminən 40-45 min manata fərdi yaşayış evləri tapmaq mümkün idisə, hazırda qiymətlər 60-65 min, bəzi hallarda isə 70 min manata qədər yüksəlib. Lakin bu evlərin əksəriyyətinin uyğun olmayan ərazilərdə, sənədləri tam qaydasında olmadan və ya tikinti normativlərinə əməl edilmədən inşa edilməsi sonradan ciddi problemlər yarada bilər.
Ekspert bildirib ki, təxminən 100 kvadratmetrlik həyət evi almaq istəyən vətəndaşın ən azı 3 sot torpağa sahib olması məqsədəuyğundur. Hazırkı qiymətlərlə belə torpaq sahəsinin ən ucuz halda təxminən 15-20 min manata başa gəldiyini deyən AQC sədri tikinti xərcləri və digər məsrəflər nəzərə alındıqda, standartlara uyğun 100 kvadratmetrlik fərdi yaşayış evinin ümumi qiymətinin təxminən 100-120 min manat təşkil etməsinin real olduğunu qeyd edib.
Müsahibimiz qeyd edib ki, mənzillər üzrə də ən münasib qiymətlər əsasən Qaradağ, Suraxanı, Pirallahı, Sabunçu və Xəzər rayonlarında müşahidə olunur. Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin son araşdırmalarına görə, bu rayonlarda mənzillərin bir kvadratmetrinin qiyməti təxminən 1022-2026 manat arasında dəyişir. Pirallahıda ən ucuz mənzilin bir kvadratmetri 1022 manat, Xəzərdə 1051 manat, Qaradağda 1266 manat, Suraxanıda isə 1425 manat təşkil edir. Onun sözlərinə görə, vətəndaşlar əmlak seçərkən yalnız qiymətin ucuzluğuna deyil, həmin evin və ya mənzilin əlverişliliyinə də diqqət yetirməlidirlər.
“Ucuz olması ilə yanaşı, alınan istər fərdi yaşayış evinin, istərsə də mənzilin sənədlərinin qaydasında olub-olmadığı mütləq müəyyənləşdirilməlidir. Eyni zamanda istifadə olunan tikinti materialları, torpaq sahəsi və həmin torpaq sahəsinin qonşu əraziyə müdaxilə edib-etmədiyi yoxlanılmalıdır. Bir çox hallarda kadastr və torpaq sərhədləri ilə bağlı problemlər olur və bu da sonradan sənədlərin qeydiyyatında ciddi çətinliklər yaradır. Bu baxımdan ətraflı araşdırma aparmaq, mütəxəssisə müraciət etmək, rieltor və qiymətləndirmə şirkətlərindən məsləhət almaq, konsultinq xidməti əldə etmək vacib şərtlərdən biridir”, – o deyib.

