Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovun həyat yoldaşı Yelena Milskayanın ictimaiyyət qarşısında çox görünməyən fondlarla əlaqələri araşdırılıb. Onlardan birinin keçmiş təsisçisinin Almaniyada Rusiya kəşfiyyatının fəaliyyəti ilə bağlı qalmaqallı işdə adı keçir.
Musavat.com Rucriminal.info-nun araşdırmasına istinadən xəbər verir ki, söhbət “Sebi” fondundan və onun keçmiş təsisçisi Visa Mizayevdən gedir.
Araşdırma müəlliflərinin iddiasına görə, Yelena Milskaya bu fondun rəhbərliyi ilə sıx əməkdaşlıq edir və müxtəlif məsələlərlə əlaqədar onun nümayəndələri ilə birlikdə səfərlərə çıxır. Fondun və Milskayanın Rusiyada məşhur uşaq qidası brendi “FrutoNyanya”nın istehsalçısı ilə də əməkdaşlıq etdiyi bildirilir.
“Sebi” fondu 2017-ci ilin iyununda yaradılıb və onun yeganə təsisçisi Qroznıda anadan olmuş Visa Mizayev olub. Mizayev 2021-ci ilin dekabrında təsisçilər sırasından çıxıb.
Onun adı isə sonradan Almaniyada böyük casusluq qalmaqalında gündəmə gəlib.
Mizayev 2024-cü ilin dekabrında Almaniya Federal Kəşfiyyat Xidmətinə – BND-yə qarşı Rusiya kəşfiyyat əməliyyatında iştirak etdiyi əsaslandırması ilə Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.
Almaniya mediasının məlumatlarında Mizayevin BND əməkdaşı Karsten Linke ilə bağlı casusluq işində əlaqələndirici şəxslərdən biri olduğu iddia edilib. “Der Spiegel” onu Rusiya tərəfinin agentlə əlaqəsini təmin edən mümkün kurator kimi təqdim edib.
İş üzrə ifadələrə görə, 2022-ci ilin payızında Linke məxfi məlumatların olduğu növbəti zərfi Rusiya əsilli Almaniya vətəndaşı Artur Eller vasitəsilə Mizayevə göndərib. Eller Moskvaya uçaraq FTX əməkdaşları ilə görüşüb. Araşdırmada onun yeni kəşfiyyat məlumatları müqabilində bəzi məlumatlara görə 400 min avro aldığı bildirilir.
Eller və Linke 2022-ci ilin dekabrında Almaniyada saxlanılıblar və dövlətə xəyanətdə ittiham olunublar. Mizayev isə azadlıqdadır. Mənbələr onun hazırda Oleq Şişkin adına sənədlərdən istifadə etdiyini iddia edir.
Araşdırmanın başqa maraqlı tərəfi Mizayev ailəsinin böyük biznes əlaqələridir.
Onun həyat yoldaşı Olqa Belyavtseva “Forbes”in qiymətləndirməsinə görə təxminən 600 milyon dollarlıq sərvətə malik Rusiyanın ən varlı qadınlarından biridir. Belyavtseva məşhur “FrutoNyanya” uşaq qidalarının istehsalçısı “Progress” şirkətinin səhmdarıdır.
“Progress”in 2022-ci ildə xalis mənfəətini ikiqat artıraraq 8,1 milyard rubla çatdırdığı bildirilir.
Mizayev və Belyavtseva həmçinin təxminən 2 min hektarlıq alma bağlarına sahib “Aqronom-Sad” və “Biplast” şirkətlərinə ortaqdırlar. Belyavtseva əvvəlcə bu şirkətlərin yeganə sahibi olub, 2018-ci ildə Mizayevlə evləndikdən sonra hər iki şirkətin 30 faizlik payını ona verib.
2025-ci ilin yanvarından “Sebi” fondunun yeni təsisçisi Natalya Yurçenko göstərilir. Araşdırma müəlliflərinin məlumatına görə, o, Mizayev ailəsinin biznesində top-menecer kimi çalışıb və telefon kitabçalarında hətta “Natalya FrutoNyanya” adı ilə qeyd olunub.
Mənbələr daha əvvəl Yelena Milskayanın Rusiya Fövqəladə Hallar Nazirliyinin kadr siyasətinə ciddi təsir göstərdiyini də iddia edirlər. Araşdırmada onun Ramzan Kadırov, Sergey Kiriyenko və “pravoslav oliqarx” kimi tanınan Konstantin Malofeyevlə yaxın münasibətlərinin olduğu bildirilir.
Beləliklə, araşdırma müəllifləri Rusiya FHN rəhbərinin həyat yoldaşının ictimaiyyət qarşısında çox görünməyən əlaqələrinin bir tərəfdən yüz milyonlarla dollarlıq biznesə, digər tərəfdən isə Almaniyada Rusiya xüsusi xidmətləri ilə əlaqələndirilən casusluq işində adı çəkilmiş şəxsə qədər uzandığını iddia edirlər.
Musavat.com

