Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binalarının üzərində qanunsuz mansard tikintisinin aparıldığı iddia olunur.
Bizimesr.info xəbər verir ki, redaksiyaya təqdim olunan görüntülərə əsasən, Cəfər Xəndan küçəsi 148 ünvanında yerləşən iki 14 mərtəbəli yaşayış binasının dam hissəsində əlavə mərtəbənin inşasına başlanılıb.
Videokadrlarda hər iki binanın damında tikinti işlərinin davam etdiyi görünür. Məlumata görə, sakinlər tikintinin binaların ümumi yükünə və təhlükəsizliyinə təsir göstərə biləcəyindən narahatdırlar.
Qeyd edək ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi fonunda şəhərsalma qaydalarına və tikinti standartlarına riayət olunması məsələsi xüsusi diqqət mərkəzindədir.
Cəfər Xəndan küçəsi 148 ünvanında aparıldığı iddia olunan tikinti ilə bağlı aidiyyəti qurumların, Binəqədi Rayon İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin mövqeyi məlum deyil.
Məsələ ilə bağlı qurumların açıqlamasını dərc etməyə hazırıq.

