Böyük Britaniyada narkotik maddə qəbul etdikdən sonra insult keçirən və ürəyi təxminən 15 dəqiqə dayanan gənc yaşadığı klinik ölüm anında nələr hiss etdiyini danışıb.
Editor.az xəbər verir ki, hadisə gəncin 17 yaşlı qardaşının gözü qarşısında baş verib. Onun vəziyyəti qəfil pisləşib və insult keçirdikdən sonra ürəyi dayanıb. Qardaşı dərhal təcili tibbi yardım xidmətinə müraciət edib və həkimlər gələnədək ona yardım göstərməyə çalışıb.
Gəncin sözlərinə görə, həmin vaxt o, qara rəngli bir maddəni öskürərək çıxarıb, daha sonra isə həmin maddə yenidən ağciyərlərinə daxil olub.
Ürəyinin dayandığı müddətdə nə hiss etdiyi barədə danışan britaniyalı gənc bu vəziyyəti “dərin yuxuya” bənzədib. Onun sözlərinə görə, həmin anda hər hansı işıq və ya xüsusi görüntü görməyib. Əksinə, ətrafında yalnız tam boşluq hiss edib.
Hadisə yerinə çatan tibb işçiləri gəncə dərman vasitəsi tətbiq etməyə çalışıblar. İlk cəhd nəticə verməsə də, sonrakı müdaxilədən sonra onun nəbzini bərpa etmək mümkün olub.
Gənc daha sonra təxminən dörd həftə komada qalıb. Hazırda onun vəziyyəti yaxşılaşır və tədricən əvvəlki həyatına qayıdır.
Baş verənlərdən sonra gənc narkotik vasitələrdən istifadəni dayandırdığını bildirib.
//Gülnarə Abasova, Editor.az

