Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib.
Editor.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 7-də saat 20:45 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Rəhman Məmmədov idarə etdiyi “Mercedes-Benz C180” markalı avtomobillə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinin idarəetməsini itirib.
Nəticədə avtomobil əvvəlcə yolun sol kənarında yerləşən işıq dirəyinə, ardınca isə istirahət parkının ətrafındakı dəmir-beton hasara çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişinlər – Könül Məmmədova və Bahar Məmmədova müxtəlif xəsarətlər alaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq, Bahar Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında cinayət işi başlanılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.

