ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxın zamanda telefon danışığı keçirəcəyini bildirib.
Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Putinlə telefon danışığının planlaşdırıldığını deyib. ABŞ lideri söhbətin nə vaxt baş tutacağı ilə bağlı suala “çox tezliklə” cavabını verib.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Trampın sözlərinə görə, telefon danışığında Rusiyada qeydə alınan və mümkün taun xəstəliyi ilə bağlı narahatlıqlara səbəb olan vəziyyətin müzakirə edilməsi nəzərdə tutulur. ABŞ Prezidenti daha əvvəl bu məsələ ilə bağlı ABŞ kəşfiyyat qurumlarının araşdırma apardığını və yaxın zamanda bununla bağlı hesabatın təqdim edilə biləcəyini açıqlamışdı.
Məlumata görə, Rusiyanın İrkutsk vilayətində xüsusilə təhlükəli infeksiya şübhəsi ilə bağlı araşdırma aparılır. ABŞ tərəfi hadisəni diqqətlə izlədiyini bildirir.
Bununla yanaşı, Kremlin sözçüsü Dmitri Peskov Trampın açıqlamasına münasibət bildirərək Putinlə ABŞ Prezidenti arasında yeni telefon danışığının hələ konkret şəkildə razılaşdırılmadığını deyib. Peskov bildirib ki, Vaşinqton tərəfindən belə bir təşəbbüs irəli sürülərsə, telefon danışığı operativ şəkildə təşkil oluna bilər.
Beləliklə, Tramp telefon danışığının yaxın zamanda keçiriləcəyini açıqlasa da, Kremlin məlumatına əsasən, görüşün dəqiq vaxtı və formatı hələ razılaşdırılmayıb.
//Gülnarə Abasova, Editor.az

