Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı yeni imkan yaradılıb və bunun üçün tələb olunan şərtlər açıqlanıb.
Editor.az xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam etdirilir.
İş yerini qarşılıqlı şəkildə dəyişmək istəyən müəllimlər bunun üçün miq.edu.az internet portalına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
İl ərzində davam edəcək prosesdə müəyyən tələblərə cavab verən müəllimlər iştirak edə biləcəklər.
Belə ki, müraciət etmək istəyən şəxslər dövlət ümumi təhsil müəssisəsində əsas iş yeri üzrə müddətsiz əmək müqaviləsi ilə çalışmalıdırlar. Bundan əlavə, onların həmin müəssisədə ən azı 5 saat dərs yükü olmalıdır.
Prosesdə iştirak üçün digər əsas şərt isə müəllimin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanında minimum 30 bal toplamasıdır.
Müəyyən edilmiş tələblərə cavab verən müəllimlər qarşılıqlı yerdəyişmə imkanından yararlanmaq üçün elektron qaydada müraciət edə bilərlər.

