Səudiyyə Ərəbistanı Yəməndə əməliyyata başladı – əsas hədəflər açıqlanıbbackend

Səudiyyə Ərəbistanı Yəməndə əməliyyata başladı – əsas hədəflər açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəməndə husilərlə bağlı gərginlik yenidən artıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ölkənin müxtəlif bölgələrində husi mövqelərinə hava zərbələri endirib.

Editor.az Anew-ə istinadən xəbər verir ki, koalisiyanın Yəmənə zərbələri Səudiyyə Ərəbistanında iki hava limanına təşkil olunan hücumlardan sonra həyata keçirilib.

Səudiyyə rəsmilərinin açıqlamasına əsasən, Əbha Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində iki nəfər həyatını itirib, 28 nəfər isə xəsarət alıb. Ölənlərin Mərakeş və Əlcəzair vətəndaşları olduğu bildirilib.

Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı da hücuma məruz qalıb. Burada Sudan vətəndaşı olan bir nəfər ölüb, daha səkkiz nəfər yaralanıb. Hücumlar nəticəsində hava limanlarının infrastrukturuna da zərər dəyib.

Husilər isə hücumları ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirdiklərini açıqlayıblar.

Koalisiyanın sözçüsü Turki əl-Maliki bildirib ki, Sənada yerləşən və Ər-Riyad istiqamətində hücum üçün istifadə edilən ballistik raket buraxılış qurğusu yeni hücuma hazırlanarkən məhv edilib.

Bununla yanaşı, koalisiya Yəmənin bir neçə vilayətində husi qüvvələrinə məxsus çoxsaylı obyektlərin vurulduğunu açıqlayıb. Hədəflər arasında raket və silah anbarları, komanda məntəqələri və rabitə infrastrukturu da yer alıb.

Xəbər hazırlanarkən husilər koalisiyanın həyata keçirdiyi son hava zərbələri ilə bağlı hər hansı açıqlama verməyib.

Sənanın geri qaytarılması planı

Yəməndə baş verən son hadisələr ölkənin beynəlxalq səviyyədə tanınan hökumətinə bağlı qüvvələrin husilərə qarşı keçirdiyi hərbi əməliyyatların fonunda baş verib.

Ordunun sözçüsü Məcid ən-Nüzeyli “Yəmənin sübhü” adlandırılan əməliyyat çərçivəsində husi mövqelərinə qarşı 2 103 hərbi əməliyyatın həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bu əməliyyatlar zamanı 1 860 husi döyüşçüsü “zərərsizləşdirilib”.

Bununla belə, açıqlanan rəqəmlərin müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyi qeyd olunur.

Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi isə əməliyyatların əsas məqsədinin paytaxt Sənanın husilərdən geri alınması və dövlət qurumlarının fəaliyyətinin yenidən təmin edilməsi olduğunu bildirib.

Husilər 2014-cü ildən Yəmənin paytaxtı Sənaya nəzarət edir. Qruplaşmanın paytaxtı ələ keçirməsindən sonra, 2015-ci ildə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya Yəməndə hərbi müdaxiləyə başlayıb.