Binəqədidə yol təmirinə görə iki avtobusun marşrutu dəyişdirildi.
Editor.az APA-ya istinadən xəbər verir ki, Bakının Binəqədi qəsəbəsində, Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, tətbiq edilən məhdudiyyətlə əlaqədar 133 və 170 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemində dəyişiklik edilib.
Təmir işləri başa çatanadək 133 nömrəli marşrut üzrə avtobusların son dayanacağı Gülməmməd Ramazanov küçəsində təşkil olunacaq.
170 nömrəli avtobusların hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi istiqamətində təmin ediləcək.
Məhdudiyyətlərin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri yekunlaşanadək qüvvədə qalacağı bildirilib.

