Rusiyada taun şübhəsi ilə bağlı Ermənistana gələn şəxslərin bədən temperaturunun yoxlanılması gündəmə gəlib.
Editor.az Anewz-a istinadən xəbər verir ki, Rusiyada laboratoriya əməkdaşının ölümünün ağciyər taunu ilə əlaqəli ola biləcəyi barədə yayılan məlumatlar fonunda Ermənistanda ölkəyə daxil olan şəxslərə tibbi nəzarətin gücləndirilməsi gündəmə gəlib.
Ermənistanın səhiyyə naziri Anahit Avanesyan oktyabrın 7-də parlamentdə çıxışı zamanı bildirib ki, ölkənin aidiyyəti qurumları Rusiyadakı vəziyyəti diqqətlə izləyir və mümkün risklərə qarşı müvafiq tədbirlər görür.
Nazirin sözlərinə görə, zərurət yaranacağı təqdirdə Rusiyadan Ermənistana gələn şəxslərin bədən temperaturunun ölçülməsi həyata keçirilə bilər.
Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) də Rusiyadan əlavə məlumat tələb edib. Buna səbəb Sibirdə taun üzrə araşdırmalar aparan laboratoriyanın 28 yaşlı əməkdaşının ölümü ilə bağlı yayılan xəbərlərdir.
Mediada həmin əməkdaşın xəstəliyə səbəb olan patogenin saxlandığı sınaq şüşəsini sındırdıqdan sonra xəstələndiyi iddia edilsə də, bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
ÜST mövcud məlumatlar əsasında əhali üçün risk səviyyəsini aşağı qiymətləndirib. Bununla yanaşı, təşkilat Rusiyadan kifayət qədər məlumat əldə edilmədiyi üçün vəziyyətlə bağlı daha geniş və ətraflı qiymətləndirmə aparmağın mümkün olmadığını açıqlayıb.
Rusiyanın sanitariya və epidemioloji nəzarət qurumu “Rospotrebnadzor” isə ölkədə epidemiya təhlükəsinin olmadığını bildirib. Qurum həmçinin tətbiq olunan ehtiyat tədbirlərinin mərhələli şəkildə aradan qaldırıldığını açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov da Sibirdə laboratoriya əməkdaşının xəstələnməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O, mediada yayılan xəbərlərə ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb.
Rusiyadakı vəziyyətə görə bir sıra ölkələr də profilaktik tədbirləri nəzərdən keçirir. Monqolustan Rusiya ilə sərhəddə tibbi müşahidəni gücləndirib. Litvada mümkün yoluxma hallarına qarşı hazırlıq tədbirlərinə başlanılıb.
ABŞ rəsmiləri isə səyahətçilərin yoxlanılması üçün hazırlıqlı olduqlarını açıqlasalar da, ölkə üçün mövcud riskin çox aşağı qiymətləndirildiyini bildiriblər.

