Bakıda hotel bağlandı: FHN çoxsaylı yanğın təhlükəsi aşkarladıbackend

Bakıda hotel bağlandı: FHN çoxsaylı yanğın təhlükəsi aşkarladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FHN Bakıda fəaliyyət göstərən hotelin işini dayandırıb və yoxlama zamanı ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkarlanıb.

Editor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhərinin Yasamal rayonunda fəaliyyət göstərən “Golden Street” hotelində yoxlama aparıb.

Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında yerləşən hoteldə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi ilə bağlı bir sıra ciddi nöqsanlar müəyyənləşdirilib.

FHN-in məlumatına görə, obyektin elektrik təsərrüfatı müvafiq qaydaların tələblərinə uyğun qurulmayıb. Elektrik sisteminə profilaktik baxış keçirilmədiyi və naqillərin yanar materialların üzərindən çəkildiyi müəyyən olunub.

Bundan başqa, hoteldə avtomatik yanğın siqnalizasiya sistemi tam şəkildə quraşdırılmayıb. Mövcud avadanlığa isə lisenziyalı ixtisaslaşmış təşkilat tərəfindən texniki xidmət göstərilməyib.

Yoxlama zamanı mətbəxdə də yanğın təhlükəsizliyi qaydalarına zidd hal aşkarlanıb. Belə ki, otağın daxilində qazla işləyən kombi qurğusunun quraşdırıldığı müəyyən edilib.

Hoteldə istifadə olunan xalça örtüklərinin yanğın təhlükəsizliyi göstəricilərini təsdiqləyən sertifikat və uyğunluq sənədləri də təqdim edilməyib.

FHN əməkdaşları odsöndürən balonlarla bağlı da nöqsan aşkarlayıblar. Məlumata görə, balonların tərkibi vaxtında yenilənməyib və onlar döşəmədən tələb olunan 1,5 metr hündürlükdə yerləşdirilməyib.

Bununla yanaşı, obyektdə yanğın zamanı təhlükəsizlik qaydaları ilə bağlı təlimat və yaddaş kitabçaları hazırlanmayıb, insanların təxliyəsi üçün müvafiq plan tərtib edilməyib.

Hotelin təxliyə yollarında da yanğın təhlükəsizliyi normalarının tələblərinə əməl olunmadığı bildirilib. Həmçinin insanların çıxış istiqamətini göstərən işıqlı “Çıxış” nişanlarının quraşdırılmadığı müəyyən edilib.

Yoxlama zamanı obyektin yanğın su hovuzu ilə təmin edilmədiyi və hotelin istismarının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı da üzə çıxıb.

FHN hesab edir ki, mövcud vəziyyətdə obyektin fəaliyyətini davam etdirməsi yanğın baş verdiyi təqdirdə alovun qısa müddətdə genişlənməsi və ağır nəticələrin yaranması riskini artırır.

Aşkar edilən pozuntuları nəzərə alan Dövlət Yanğın Nəzarəti Xidməti “Golden Street” hotelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.