Yandex-in Rusiyadakı data mərkəzində fəaliyyət dayandırılıb və bunun səbəbi açıqlanıb.
Editor.az Anadolu Ajansı-na istinadən xəbər verir ki, Rusiyanın texnologiya şirkəti Yandex ölkənin Ryazan vilayətində yerləşən data mərkəzində yaranan zərər səbəbindən obyektin fəaliyyətini tamamilə dayandırıb.
Şirkətin yaydığı məlumata görə, Ryazan vilayətinin Sasovo şəhərində yerləşən data mərkəzinin infrastrukturunun bir hissəsinə ziyan dəyib.
Hazırda mərkəzin fəaliyyəti tam dayandırılıb. Yandex zərərin aradan qaldırılması və təsirə məruz qalan xidmətlərin yenidən işə salınması istiqamətində tədbirlərin görüldüyünü bildirib.
Şirkət vəziyyətin nəzarət altında olduğunu və hadisə nəticəsində xəsarət alan şəxsin olmadığını açıqlayıb. Yandex-in əsas xidmətlərinin normal fəaliyyət göstərdiyi, lakin bəzi platformalara giriş zamanı müvəqqəti problemlərin yarana biləcəyi qeyd olunub.
Məlumatlara əsasən, gecə saatlarında Ukraynanın Rusiyanın müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyi bildirilib. Həmin vaxt Sasovo şəhərində Yandex-in data mərkəzinin yerləşdiyi sənaye ərazisinin də hədəfə alındığına dair iddialar sosial şəbəkələrdə yayılıb.
Lakin Yandex-in açıqlamasında data mərkəzinə dəyən zərərin konkret olaraq hansı səbəbdən baş verdiyi açıqlanmayıb.
Yandex-in Sasovodakı data mərkəzi 2014-cü ildən fəaliyyət göstərir. Obyekt Sasta şirkətinə məxsus keçmiş zavod binalarının bir hissəsində yerləşir.
\\ Aydan Bünyatova, Editor.az

